Avropa İttifaqı ilə Azərbaycan arasında Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya Sazişləri

Avropa İttifaqı ilə Azərbaycan arasında Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya Sazişləri 1 sentyabr 2014 il tarixindən etibarən qüvvədədir.

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında Viza Rejiminin Sadələşdirilməsi Sazişi (VRSS) və Readmissiya Sazişi (RS) ətrafında danışıqlar 7 fevral 2012-ci il və 5 iyul 2013-cü il tarixlərini əhatə edən müddətdə Bakıda və Brüsseldə 4 rəsmi danışıqlar raundu çərçivəsində baş tutmuşdur.

Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi sazişi 29 noyabr 2013-cü il tarixində Vilnyusda keçirilən Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanmışdır. 28 fevral 2014-cü il tarixində Aİ ilə Azərbaycan ölkədə icazəsiz yaşayan şəxslərin readmissiyası üçün saziş imzalamışlar. Readmissiya Sazişinin imzalanması uğurlu və müsbət nəticəli danışıqlar prosesinin başa çatdığını göstərmişdir.

Indi sazişlər 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minir ki, bu gün daxili prosedurların tamamlanmasına dair hər iki tərəfin bir-birinə məlumat verdiyi tarixdən sonrakı ikinci ayın ilk günüdür. Qeyd etmək lazımdır ki, Böyük Britaniya, İrlandiya və Danimarka saziş çərçivəsində öz üzərinə öhdəlik götürməmişlər.

Indiyədək Aİ 12 ölkə: Albaniya, Bosniya və Herzeqovina, Keçmiş Yuqoslav Respublikası Makedoniya (KYRM), Moldova Respublikası, Monteneqro, Rusiya, Serbiya, Ukrayna, Gürcüstan, Kabo-Verde, Ermənistan və Azərbaycanla viza rejiminin sadələşdirilməsi və reamissiya sazişləri imzalamış, ondan 11 saziş qüvvəyə minmişdir (Kabor Verde ilə proses hələ tamamlanmamışdır).

Viza Rejiminin Sadələşdirilməsi Sazişinin əsas müddəaları

Saziş Azərbaycan vətəndaşlarının, xüsusilə də tez-tez səfərdə olan vətəndaşların Aİ ölkələrinin əksəriyyətinə sərbəst şəkildə səfər etmələrinə şərait yaradan qısa müddətli vizaların daha asan və ucuz alınmasını təmin edir. Qısa müddətli viza ilə 180 günü əhatə edən müddətdə 90 günədək qalmaq mümkündür. Sazişə əsasən viza haqları €60-dan €35-dək azalmış, bəzi vətəndaş kateqoriyaları isə tamamilə haqlardan azad olmalıdır. Üzv dövlətlər tərəfindən tez-tez səfərdə olan şəxslərin bəzi kateqoriyaları üçün bir ildən beş ilədək müddəti olan çoxgirişli vizaların veriləcəyi planlaşdırılır. Diplomatik pasportu olan şəxslər viza öhdəliklərindən azaddırlar. Sazişlə həm də müəyyən kateqoriyadan olan ərizəçilər, o cümlədən rəsmi nümayəndə heyətləri, 12 yaşdan aşağı uşaqlar, təqaüdçülər, tədqiqatçı və tələbələr üçün viza haqqının alınmaması təmin edilir. Saziş müddəalarının həyata keçirilməsi sazişlərin bütün tərəflərinin qarşılıqlı prinsipləri tam şəkildə tətbiq etməsindən asılıdır.

Readmissiya Sazişinin əsas müddəaları

Readmissiya sazişləri Aİ-na üzv dövlətlər və Azərbaycanın hakimiyyət qurumları üçün aydın öhdəlik və prosedurlar təyin edir. Onlar tərəflərin ərazisində qeyri-qanuni yaşayan şəxslərin nə zaman və necə geri qaytarılmasını tənzimləyir. Onlar tək hər iki tərəfin vətəndaşlarının qeyri-qanuni yaşamasını deyil, eləcə də müraciət edilən tərəflə aydın bağlantısı olan (məsələn, viza və ya yaşamaq üçün icazə) üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin qeyri-qanuni vəziyyəti ilə bağlı məsələləri əhatə edir. Avropa İnsan Hüquqları Konvensiyasında müəyyən edildiyi kimi readmissiya sazişlərinin tətbiqi zamanı İnsan Hüquqlarına tam şəkildə hörmət göstəriləcəyinə dair zəmanət verilir.

publie le 09/05/2016

hautdepage